Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hospitallardan birində çəkilmiş videoçarxla əlaqədar cinayət işi başlanıbMüdafiə Nazirliyinin tabeliyində olan hərbi hospitallardan birində çəkilmiş “dedovşina” çarxı ilə bağlı Respublika Hərbi Prokurorluğu hələ videoçarx yayılmazdan əvvəl cinayət işi başlayıb.
Məlumat Lent.az-a Hərbi Prokurorluqdan verilib. Məlumatda bildirilir ki, bir neçə gün öncədən həmin fakt Hərbi Prokurorluğa bəlli olub və araşdırmalar başlayıb: “Fakt üzrə Cinayət Məcəlləsinin 332.2 (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət əməlini törətməkdə təqsirli bilinən 1 nəfər artıq tutulub. Hazırda istintaq davam edir”.
Hərbi Prokurorluqdan hadisənin baş verdiyi yer bildirilməsə də, əvvəldən xəbər verdiyimiz kimi, Lent.az-a daxil olan məlumata görə, hadisə Ələt qəsəbəsində yerləşən hospitalda baş verib.
Videoçarxın məzmunu belədir: hospitalın palatasında çarpayıda uzanan mülki geyimli şəxs, gənc əsgər olduqları güman edilən 5 nəfəri otaqdakı boş çarpayıda uzanmaq haqqını qazanmaq uğrunda bir-biri ilə vuruşdurur. Təhqiramiz səhnələrdə qorxudulmuş əsgərlər bir-birini döyür, əmr verən şəxs isə onların hərəkətlərini gülərək seyr edir. Maraqlıdır ki, səhnə əmr verən şəxsin yanında, aydın görünür ki, həm də xəbəri ola-ola çəkilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə Lent.az-a bildirib ki, həmin çarxla bağlı araşdırma aparılır: “Nazirlikdə bununla bağlı ciddi şəkildə araşdırmalara başlanılıb. Əgər bu öz təsdiqini tapsa, ölçü götürüləcək, həmin şəxs kimliyindən asılı olmayaraq cəzalandırılacaq”./

